“Mançester Yunayted”in portuqal yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes həmyerlisi, ulduz hücumçu Kristiano Ronaldo haqda söhbət açıb.
Arena.az məlumat verir ki, Bruno Fernandes Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo ilə tanışlığından, elə, Kristiano Ronaldonun “YouTube” kanalına danışıb:
“Məncə, sizin bilmədiyiniz çox xüsus var. Onun necə yaşadığını anlamaq üçün daim onun yanında olmalısınız. O, əla rəqqasdır, yaxşı rəqs hərəkətləri var.
Bu, gülməli, həm də həyəcanlandırıcıdır. Buraya ilk dəfə gələndə heyran olduğum böyük oyunçuların əhatəsində idim, amma mən çox utancaq idim. Heç kimlə danışmaq istəmirdim. Başımı aşağı salaraq salam verdim, mən gələndə isə Kristiano orada deyildi, çünki Portuqaliya komandasının düşərgəsinə çox erkən gəlmişdim. Amma Ronaldo gələndə mənimlə danışdı, mənə adımla müraciət etdi. Kristiano mənə dedi: “Oyunlarını görmüşəm, qol vurursan, “Sportinq”də əla oynayırsan”.
Dostlarım və ailəmlə danışmaq üçün otağıma qayıtdığımı da xatırlayıram. “O, oyunlarımı görüb, adımı haradan bilir?”. Axı mən ilk dəfə idi ki, milli komandada idim, heyran olduğunuz futbolçular isə məni tanıyırlar”, deyə Fernandes təbəssümlə bildirib.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.
Kristiano Portuqaliya yığmasının heyətində 216 oyuna 133 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


