Türkiyə Super Liqasının sonuncu qalibi “Trabzonspor” braziliyalı müdafiəçisi Bruno Peres ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Trabzon klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Onun Türkiyə klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin 31 mayında bitəcəkdi. Xəbərdə o da bildirilir ki, Peres alacağı vəsaitin bir hissəsindən imtina edib. Yerdə qalan hissə isə futbolçuya altı dəfəyə ödəniləcək.
Xatırladaq ki, Bruno Peres “Trabzonspor”a 2021-ci ilin may ayında İtaliyanın “Roma” klubundan transfer edilmişdi. Həmin vaxt onunla 3 illik sözləşmə imzalanmışdı. Sağ cinah müdafiəçisi olan Bruno, Türkiyə çempionunun heyətində 46 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Bruno xeyli müddətdi ağır zədədən əziyyət çəkir. Bu üzdən oynaya bilməyən futbolçunun Trabzon klubundan ayrılmasına da məhz zədə səbəb olub.
Peres, karyerası ərzində “Audaks”, “Braqantino”, “Quarani”, “Santos”, “Torino”, “San Paulo” və “Sport Resife” klublarında da çıxış edib. Bruno 2016-cı ildən “Roma”nın formasını geyinirdi.


