Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının (AÇ-2024) final mərhələsinin püşkü atılacaq.
Arena.az xəbər verir ki, növbəti qitə birinciliyinin püşkatma mərasimi Hamburq şəhərində baş tutacaq.
Tədbirə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Püşkatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.
AÇ-2024-ün püşkatması öncəsi komandalar reytinqlərinə görə aşağıdakı səbətlərə bölünüblər:
1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə;
2-ci səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya;
3-cü səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya;
4-cü səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi.
Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyul aralığıda Almaniyanın 10 şəhərində təşkil olunacaq. Qitə birinciliyinin oyunlarını paytaxt Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirxen, Hamburq, Leypsiq, Münhen və Ştutqart şəhərləri qəbul edəcək.
Xatırladaq ki, Avropa çempionatına son üç vəsiqə uğrunda 12 komanda mübarizə aparacaq. A Yolunda Polşa – Estoniya və Uels – Finlandiya oyunları keçiriləcək. B yolunda İsrail yığması İslandiya ilə, Bosniya və Herseqovina millisi isə Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək. C Yolunda da Gürcüstan – Lüksemburq və Yunanıstan – Qazaxıstan görüşləri baş tutacaq. Qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Finalda qalib gələcək kollektivlər isə növbəti Avropa çempionatında iştirak hüququ əldə edəcəklər.