“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun finalında “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, matçdan sonra baş tutan mətbuat konfransında əvvəlcə bunları söyləyib:
“Finala layiq oyun oldu. Maraqlı hadisələr baş verdi. İlk hissədə yaxşı mübarizə getdi, rəqibə qol epizodu yaratmaq imkanı vermirdik. Qol da vurduq. İkinci qol epizodumuz da oldu. Oyunun qırılma nöqtəsi Şahruddin Məhəmmədəliyevin seyvi idi. “Qarabağ”a qarşı 1:0 təhlükəlidir. İkinci hissədə rəqibin təzyiqi artıracağını bilirdik. Qol buraxanda azlıqda idik. Məhz Abdullah Zubirə qarşı oynayan Qismət Alıyev meydanda deyildi və o, möhtəşəm qol vurdu. Bundan sonra rəqib daha rahat oynadı.
Futbolçularımla fəxr edirəm. Sona kimi döyüşdülər. “Qarabağ”ı təbrik edirəm. Layiqli “qızıl dubl” etdilər. Bu oyun bizim üçün böyük bir dərs oldu. Anladıq ki, böyük komandalara qarşı, finallarda da oynaya bilərik. Futbolçular çəkinmir, qorxmurdular. Penalti vuran futbolçularımızın zədələnməsi bizim işimizi çətinə saldı.
Komandam möhtəşəm mövsüm keçirdi. Titul da qazana bilərdik. Camiəmizi təbrik edirəm. Konfrans Liqasında ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq”.
Rəşad Sadıqov dostu olan Qurban Qurbanovun komandasına qarşı meydanda sonadək amansız mübarizə aparmalarına da toxunub:
“Mən futbolumuzda təcrübəli insanam. Danışanlar həmişə olub, olacaq. Biz ilk dəfə avrokubokda uğur qazananda danışılırdı ki, “Qarabağ” layihədir. Hər dəfə də bu söhbətlər gedirdi. Amma çempionatımızda o qədər şübhəli məqamlar olub ki… Heç vaxt o məsələlər müzakirə edilməyib. Biz dəfələrlə sübut etmişik ki, bu komandalar arasında heç bir danışıq ola bilməz. Keçən il öz aramızda heç-heçə etdik, “Neftçi” çempion, “Sumqayıt” 3-cü oldu. Bu il də heç-heçə oynadıq. Halbuki həmin oyunda biz qalib gəlsək, 3-cülük yolumuz daha rahat olardı. “Qarabağ” başqa bir dönəmdə “Zirə” səfərində 2:1 qələbə qazandı. Növbəti turda böyük rotasiyalarla “Neftçi”yə qarşı oynadıq və məğlub olduq. Həmin zaman da “Neftçi” 3-cü, “Zirə” 4-cü yeri tutdu.
Bu söhbətləri etməkdə ya qəsd var, ya da cahillik. Nə etməliyik ki, özümüzü isbat edək? Biz həmişə sonuna qədər vuruşacağıq. Eynilə “Qarabağ” da bizə qarşı. Heç vaxt Allahın qədərinə qarışmamışıq. Bu, münasibətimizə təsir edə bilməz. Sona qədər təmiz oyun olacaq”.
“Dalğa Arena”da oynayacağıq”
“Zirə”nin çalışdırıcısı Avropa Konfrans Liqasına ciddi hazırlaşacaqlarını söyləyib:
“Komandama güvənirəm. Hazırlıq prosesi, transferlər önəmlidir. Bəzi oyunçularla danışıq aparırıq. Püşkə baxdıqda “Qarabağ”ın Çempionlar Liqaısnda 2-3 il öncəki rəqiblərini gördüm. Bu, bizim üçün daha maraqlı ola bilər. Əsas məsələ hazırlıq olacaq. Rəqibin kimliyi də önəmlidir. Amma uğur qazanmağın sirri hazırlıqdır. Daha tez toplaşacağıq. Rəqibin kimliyindən asılı olmayaraq, mərhələ keçməyə çalışacağıq.
Futbolçulara dediyim bir söz var. Pul və oyunçu keyfiyyəti hər şey deyil. Bu il bir daha bunu gördük. Futbolçularımızın əksəriyyəti əvvəlki klublarında ya stabil oynamamışdı, ya da uğur qazanmamışdı. Bu mövsüm də 2-ci yeri tuta bilərdik. Bəzi oyunlarda qeydə alınan nəticələr bizə mane oldu. İnanmaq, güvənmək, çalışmaq önəmlidir. Keyfiyyət də vacibdir. Futbolçular göstərdi ki, karyera o qədər də önəmli deyil. Vacib olan çalışmaq, inanmaq, bir ailə kimi hansısa yolu getməkdir. Daha çox inanmalı, keyfiyyətimizi artırmalıyıq. 4-5 iddialı futbolçu gətirmək istəyirik. Bunun nə dərəcədə alınacağını bilmirəm. Büdcəmiz təsdiqlənməyib. Futbola pul xərcləmək asan deyil. Belə insanları qorumalı, dəstəkləməliyik ki, uzun müddət futbolumuzda olsunlar. Rəhbərliyə təşəkkür edirəm.
Konfrans Liqasındakı oyunlarımızı “Dalğa Arena”da keçirəcəyik. “Zirə” əvvəl də Avropa Liqasında oynayanda rəqiblərini orda qəbul edib. Öz meydanımızda oynamaq istərdik. Bu barədə rəhbərliyə də müraciət etmişəm. “Dalğa Arena”da ev ab-havası, ev üstünlüyü olmayacaq”.
Rəşad Sadıqov kimlərin gedib, kimlərin qalacağına hələ tam qərar vermədiklərini bildirib: “Ən çətin məsələ Azərbaycan transfer bazarıdır. Yerli futbolçularla bağlı qabarıq problem yaşayırıq. Maraqlandığımız futbolçular var. Amma çoxunun klubu ilə müqaviləsi var. Bizim yerli futbolçularımız da yaxşı oyunçulardır. Kimlərin gedəcəyini qarşıdakı günlərdə biləcəyik”.


