Futbol üzrə Fransa yığmasının və İngiltərənin “Aston Villa” klubunun dayaq yarımmüdafiəçisi Bubakar Kamara uzun müddətə sıradan çıxıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Unai Emeri yerli mətbuata açıqlamasında məlumat verib.
O, dizindən zədə almış fransalı oyunçu üçün 2023/2024 mövsümünün artıq başa çatdığını bəyan edib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Kamara ən yaxşı halda sentyabr və ya oktyabr ayında sıraya dönə biləcək.
Bubakar Kamara Marsel “Olimpik”inin yetirməsidir. 24 yaşlı futbolçu 2022-ci ilin iyul ayında Fransa klubunu azad agent kimi tərk edərək “Aston Villa”ya keçib. O, indiyə qədər bu komandanın heyətində 56 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Cari mövsümdə isə Kamara bütün turnirlər çərçivəsində meydana çıxdığı 30 oyunda 1 qolla yadda qalıb.
Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Kamara 2022-ci ildən əsas millidə forma geyinir. O, yığma komandada indiyə qədər 5 oyuna çıxıb.
Xatırladaq ki, bu mövsüm İngiltərə Premyer Liqasında inamlı çıxışı ilə diqqət çəkən “Aston Villa” geridə qalmış 25 turda 49 xal toplayıb. 15 qələbə qazanıb, 4 heç-heçə etmiş komanda, 6 oyunda da məğlub olub. Hazırda 4-cü pillədə qərarlaşmış elita təmsilçisi bu mövqeyini qorumaqla UEFA Çempionlar Liqasına vəsiqə qazanmağı hədəfləyib.
İngiltərə Premyer Liqasına 57 xalla “Liverpul” liderlik edir. “Arsenal” 55 xalla 2-ci, “Mançester Siti” isə 53 xalla 3-cüdür.