Buffon: “ÇL-də qalibiyyətimin olmaması məni kədərləndirmir”

“Yuventus”un italyan sabiq qapıçısı Canluici Buffon karyerasında heç vaxt Çempionlar Liqasını qazanmadığı üçün kədərlənmədiyini bildirib.

Arena.az jurnalist Alfredo Pedullanın rəsmi saytına istinadən Buffonun bu barədə fikirlərini təqdim edir:

“Çempionlar Liqası mənim üçün heç vaxt yara olmayıb. Bu turnir mənim üçün hər il son dərəcə vacib bir anlam uğrunda mübarizə aparmaq üçün rəvac olub.

Ümumiyyətlə, 30 ilə yaxındır bu kuboku gözləyən komanda yoldaşlarıma, idarəçilərimə və azarkeşlərə çox təəssüf edirəm. Amma şəxsən mənim üçün Çempionlar Liqasında oynamaq özü bir sevinc idi. Onda qələbə dairəni qapayacaqdı, amma bu baş vermədiyinə görə mənim vecimə deyil”, deyə əfsanəvi qapıçı bildirib.

Xatırladaq ki, 2023-cü ilin avqust ayının 2-də “Cici” futbolçu karyerasına xitam verdiyini bəyan etmişdi. “Parma”nın yetirməsi olan qolkiperin futbol aləmində tanınması elə bu klubdakı çıxışı ilə bağlıdır (1995-2001). Ardınca istedadlı qapıçı “Yuventus”a keçib və bir qapıçı kimi yüksək səviyyəyə tərəqqi edərək ən güclülərdən birinə çevrilib. 2001-2018-ci illərdə “qoca sinyora”nın heyətində çıxış etmiş Buffon, 2018-2019 mövsümünü PSJ-də keçirib və yenidən Turinə qayıdaraq daha iki il “Yuventus”da çıxışını davam etditib (2019-2021). 2021-2023-cü illər “Cici” üçün xüsusilə əlamətdardır. O, doğma klubu “Parma”ya qayıdaraq, komandanın A Seriyasına çıxması üçün böyük səylə çalışsa da, son anda bu imkanı əldən verib.

Canluici “Yuventus”la 10 dəfə İtaliya çempionu olub, 5 dəfə İtaliya Kubokunu, 6 dəfə İtaliya Super Kubokunu qazanıb.

Maraqlıdır ki, əfsanəvi qapıçı Çempionlar Liqasını qazanmağa üç dəfə yaxın olsa da, hər dəfə gümüş medalla kifayətlənməli olub (2003, 2015, 2017).

Canluici Buffon 2006-cı ildə İtaliya yığmasının heyətində Dünya Kubokunun qalibi olub.