İngiltərə Premyer Liqasının 9-cu turunun “Liverpul”la ev oyunu (2:2) “Arsenal”ın cinah hücumçusu Bukayo Saka üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, ingilis futbolçu bu oyunda “topçular”ın 1 qolunun müəllifi olub.
Bu, Sakanın “Arsenal”ın heyətində İngiltərə Premyer Liqasında vurduğu 50-ci qol olub. Saka müvafiq nailiyyətinə 23 yaş 52 günlüyündə imza atmaqla, mütləq rekord müəyyənləşdirib. İngilis futbolçu Premyer Liqada 50 qol həddinə çatmış ən gənc “topçu” ünvanına sahib olub.
Sakanın nəticəsi “topçular”ın keçmiş futbolçusu, fransalı hücumçu Tyerri Anrinin 24 yaş 128 günlük nəticəsini geridə qoyub.
Amma Sakaya Premyer Liqada “Arsenal” üçün 50 qolu vurmağa 178 oyun gərək olubsa, Anri bu nəticəyə 83 oyunda imza atıb.
“Arsenal”ın tarixində Premyer Liqada cəmi 11 futbolçu 50 qol vura bilib. “Topçular”ın keçmiş futbolçusu, qabonlu hücumçu Pyer-Emerik Obameyanq müvafiq nailiyyətə ən tez – 79 oyuna müvəffəq olub.
Bukayo Saka “Arsenal”ın yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb. Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Saka “topçular”ın heyətində 11 oyuna çıxıb, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.
Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 237 oyun, 62 qol və 60 məhsuldar ötürmədən ibarətdir.
Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.
Saka “Arsenal”la İngiltərə Kubokunun (2020) və İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərin 140 milyon avro məbləğində qiymətləndirir.


