Futbol üzrə İngiltərə milli komandasının hücumameyilli yarımmüdafiəçisi “Arsenal”la yeni müqaviləyə imza atıb. Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Hazırda 21 yaşı olan sağ cinah vingeri ilə yeni müqavilənin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2024-cü ilin yayına kimi idi.
Xatırladaq ki, Bukayo Saka “Arsenal”ın öz yetirməsidir. O, indiyə qədər “topçular”ın heyətində 178 oyuna çıxıb. Gənc vinger bu görüşlərdə 37 qola imza atıb, 40 məhsuldar ötürmə müəllifi olub.
Saka İngiltərə milli komandasında da 26 oyuna çıxıb. O, bu görüşlərdə 8 qola imza atıb.

