Bukayo Saka bir aya yaxın oynamayacaq

İngiltərə millisinin və “Arsenal”ın cinah hücumçusu Bukayo Saka təxminən bir aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə “topçular”ın baş məşqçisi Mikel Arteta məlumat verib.

Mütəxəssis ingilis futbolçunun 1 aya yaxın yaşıl meydanlardan kənar qalacağını bildirib: “Hər şey heç də yaxşı gözə dəymir. O, bir neçə həftəliyə sıradan çıxıb. Bu, bizə böyük zərbədir, amma bu, başqa bir sınaqdan çıxmaq baxımından bizim üçün ciddi sınaq olacaq”.

İspan mütəxəssis Sakanın əvəzinə yeni hücumçunun alınması ilə bağlı “Arsenal”ın qarşıdakı qış transfer bazarına baş vurub-vurmayacağı ilə bağlı sualı da cavablayıb:

“Bizə, komanda daxilində nəyə malik olduğumuzu dəyərləndirmək və yaradıcı olmaq gərəkdir. Biz əvvəlki kimi olduğumuzu iddia edə bilmərik, fərqli olmalı və bunun üçün ən yaxşı yolu arayıb-tapmalıyıq, rəqabət aparmalı və çoxlu oyunları qazanmalıyıq.

İndi vahid komanda olaraq işləmək və əlimizdə olan hər bir xüsusdan mütləq yaralanmaq niyyətindəyəm. Kənarda baş verənlər isə mənim nəzarətimdən kənardırlar”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, Saka İngiltərə Premyer Liqasının 17-ci turunun “Kristal Pelas”la səfər oyunu zamanı zədələnmişdi. İngilis futbolçu 5:1 hesablı qələbə qazandıqları oyunun 24-cü dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmışdı. Oyundan sonra Saka “Selherst Park” stadionunu qoltuqağacıların köməyi ilə tərk etmişdi. Müayinələrdən sonra futbolçunun məcburi istirahətə ehtiyacının olduğu müəyyənləşib.

Bukayo Saka London “Arsenal”ının yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Saka “topçular”ın heyətində 24 oyuna çıxıb, 9 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 250 oyun, 67 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

Bukayo Saka “Arsenal”la bir dəfə İngiltərə Kubokunun (2020), iki dəfə İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.