Bukayo Saka Çempionlar Liqasında həftənin oyunçusu seçildi

“Arsenal”ın ingilis sağ cinah hücumçusu Bukayo Saka Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turundan sonra həftənin oyunçusu seçilib.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.

Saka “Monako” ilə oyununda “topçular”ın 3:0 hesablı ev qələbəsinə 2 qol və 1 məhsuldar ötürmə ilə töhfəsini verib.

Saka “Slovan”la ev oyununda (3:1) dübarə qolla fərqlənmiş, Madrid “Atletiko”sunun fransalı hücumçusu Antuan Qrizmanı, “Bayern”in Donetsk “Şaxtyor”u ilə səfər oyununda (5:1) 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənmiş fransalı cinah hücumçusu Maykl Oliseni və “PSV Eyndhoven”lə ev oyununda (1:0) qurtarışları ilə diqqət çəkmiş, Fransa “Brest”inin niderlandlı qapıçısı Marko Bizotu qabaqlayıb.

Bukayo Saka “Arsenal”ın yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Saka “topçular”ın heyətində 21 oyuna çıxıb, 9 qol vurub, 12 məhsuldar ötürmə verib.

Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 247 oyun, 67 qol və 62 məhsuldar ötürmədən ibarətdir.

Bukayo Saka “Arsenal”la İngiltərə Kubokunun (2020) və İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis sağ cinah hücumçusu Bukayo Sakanın transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: