“Arsenal”ın cinah hücumçusu Bukayo Saka İngiltərə Premyer Liqasının 9-cu turunda “Liverpul”la ev heç-heçəsini (2:2) şərh edib.
Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən məyus olmuşam. Bu, “Liverpul”un xidmətidir. Bizə elə gəlir ki, 90 dəqiqə tam keyfiyyətlə oynamadıq. Birinci hissədə biz öz keyfiyyətlərimizi göstərdik, onlara heç nə etməyə imkan vermədik, onlar isə təyin edilmiş standart vəziyyətdən qol vurdular. Onların başqa hansı fürsətlərinin olduğunu isə xatırlamıram”, deyə Saka vurğulayıb.
Xatırladaq ki, “Liverpul”la oyun Saka üçün əlamətdar olub. İngilis futbolçu bu oyunda “topçular”ın 1 qolunun müəllifi olub. Bu, Sakanın “Arsenal”ın heyətində İngiltərə Premyer Liqasında vurduğu 50-ci qol olub. Saka müvafiq nailiyyətinə 23 yaş 52 günlüyündə imza atmaqla, mütləq rekord müəyyənləşdirib. İngilis futbolçu Premyer Liqada 50 qol həddinə çatmış ən gənc “topçu” ünvanına sahib olub.
Bukayo Saka “Arsenal”ın yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb. Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Saka “topçular”ın heyətində 11 oyuna çıxıb, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.
Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 237 oyun, 62 qol və 60 məhsuldar ötürmədən ibarətdir.
Bukayo Saka “Arsenal”la İngiltərə Kubokunun (2020) və İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.
Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 43 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərin 140 milyon avro məbləğində qiymətləndirir.