Bukayo Saka yenə sıradan çıxdı – Bir ay oynamayacaq

Futbol üzrə İngiltərə milli komandasının və “Arsenal”ın hücumçusu Bukayo Saka dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az xəbər verir ki, bu barədə Britaniya mətbuat məlumat yayıb.

23 yaşlı futbolçu İngiltərə Premyer Liqanın 2-ci turu çərçivəsində “Lids”ə qarşı keçirdikləri oyunda zədələnib. Bu üzdən də o, çempionatın növbəti turunda, “Liverpul”la matçda meydana çıxmayacaq. Bundan əlavə, Saka İngiltərə yığmasının dünya çempionatının seçmə mərhələsində Andorra və Serbiya ilə qarşılaşmalarını da buraxmalı olacaq.

Xatırladaq ki, Saka ötən ilin sonunda da ağır zədə almış, buna görə hətta cərrahi əməliyyata məruz qalmışdı.

Bukayo Saka London “Arsenal”ının yetirməsidir. İngilis futbolçu indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

Sakanın “Arsenal”la cari müqaviləsinin müddəti 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Saka “topçular”ın heyətində 2 oyuna çıxıb, 1 qol vurub.

Sakanın “topçular”ın heyətində çıxışının ümümi mənzərəsi 265 oyun, 71 qol və 71 məhsuldar ötürmədən ibarətdir.

Bukayo Saka “Arsenal”la bir dəfə İngiltərə Kubokunun (2020), iki dəfə İngiltərə Super Kubokunun (2020/2021, 2023/2024) qalibi olub.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 44 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: