Bülənt Qorxmaz istefaya göndərildi, İlhan Palut gəldi

Növbəti mövsümdən Super Liqada mübarizə aparacaq “Rizəspor” komandasının baş məşqçisi Bülənt Qorxmaz bu klubdan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Rizə klubunun rəsmi saytı məlumat yayıb.

Müqaviləsinin müddəti bu ayın sonuna qədər olan 54 yaşlı mütəxəssislə yeni sözləşmə imzalanmayıb. Rizə klubu ona xidmətlərinə görə təşəkkür edib, gələcək kayrerasında uğurlar arzulayıb:

Xatırladaq ki, Bülənt Qorxmaz 2022-ci ilin fevral ayından “Rizəspor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 52 oyuna çıxarıb. Rizəlilər bu görüşlərdə 25 qələbə qazanıb, 15 heç-heçə edib, 12 dəfə məğlub olublar. Geridə qalan mövsümü TFF 1-ci liqada keçirmiş “Rizəspor” sonda 68 xalla gümüş medal və Super Liqaya vəsiqə qazanıb. Lakin klub rəhbərliyi bu uğura rəğmən, Bülənt Qorxmazla yola davam etmək istəməyib.

Xatırladaq ki, türkiyəli mütəxəssis vaxtilə Azərbaycanda “Bakı”nın da baş məqşçisi olub. Onun çalışdırdığı komandalar arasında “Kayseri Ərciyəsspor”, “Bursaspor”, “Gənclərbirliyi”, “Qalatasaray”, “Karabükspor”, “İstanbul BB”, “Mersin İdman Yurdu”, “Antalyaspor”, “Konyaspor” və “Alanyaspor” da var.

Artıq “Rizəspor”un yeni baş məşqçisi də məlumdur. Sözügedən komandanı yeni mövsümdən digər türkiyəli mütəxəssis İlhan Palut çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detallar açıqlanmır. Bütün bunlara qarşıdakı günlərdə təşkil olunacağı bildirilən təqdimat mərasimində aydınlıq gəlməsi gözlənilir.

İlhan Palut daha öncə “Hatayspor” və “Göztəpə”nin da baş məşqçisi olub. Onun sonuncu iş yeri isə 2021-ci ildən rəhbərlik etdiyi və bu ilin yanvarında yollarını ayırdığı “Konyaspor” olub.