Bülənt Uyğun yenidən “Sivasspor”da – Rəsmi

Türkiyənin “Sivasspor” komandasının sabiq baş məşqçisi Bülənt Uyğun yenidən Super Liqa təmsilçisinin “sükanı arxasına” gətirilib.

Arana.az xəbər verir ki, bu barədə Sivas klubunun rəsmi saytı məlumat yayıb.

O, bu vəzifədə bir neçə gün öncə istefaya göndərilmiş Sərvət Çətini əvəzləyib. Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır.

Bülənt Uyğun məşqçilik karyerası ərzində ikinci dəfə “Sivasspor”a rəhbərlik edəcək. O, 2005-2009-cu illərdə də bu komandaya rəhbərlik edib. 52 yaşlı mütəxəssis “Bucaspor”, “Əskişəhərspor”, “Elazığspor”, “Qaziantepspor”, “Umm Salal”, “Osmanlıspor”, “Əl-Qarafa”, “Əl-Rayyan”, “Kayserispor”, “Dənizlispor” və “Rizəspor”un da baş məşqçisi olub. Uyğun 2021-ci ilin sentyabr ayında “Rizəspor”dan ayrılandan bəri işsiz idi.

“Sivasspor”a bu mövsümün əvvəlindən Sərvət Çətin rəhbərlik edirdi. 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. “Sivasspor” Çətinin rəhbərliyi altında cəmi 19 oyuna çıxıb. Sivaslılar bu görüşlərdə 7 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüblər.

Sivas klubu bu mövsüm Super Liqada 17 oyun keçirib. Sözügedən komanda bu görüşlərdə 5 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşib. Komanda hazırda 21 xalla 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Sivaslıların Super Liqadakı növbəti oyunu yanvarın 7-də səfərdə “Kayserispor”la olacaq.