Bulaye Dia satıldı, “Vilyarreal” onlarla gücləndi

İspaniyanın “Vilyarreal” klubunun və Seneqal yığmasının hücumçusu Bulaye Dia “Salernitana”da qalmağa qərar verib.

Arena.az xəbər verir ki, İtaliya klubu 26 yaşlı forvardı ötən ilin avqustunda bir mövsümlük icarəyə götürmüşdü. Futbolçu geridə qalan mövsümdə bu komandada keçirdiyi 33 oyunda 16 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Məhz bu məhsuldarlığına görə A Seriyası təmsilçisi futbolçunun transfer hüquqlarını da alıb. İtaliya klubu bunun üçün “Vilyarreal”a 12 milyon avro ödəyib. Seneqal yığmasının üzvü “Salernitana” ilə 3 illik sözləşməyə (2026-cı ilin 30 iyununa qədər) imza atıb.

Bulaye Dia daha öncə “Vilyarreal”dan başqa, “Reyms” və “Jura Sud” klublarında da forma geyinib. Forvard Seneqal yığmasında 25 oyun keçirib, 6 qol vurub.

“Vilyarreal” da bu ilin yanvarında “Jirona”dan icarəyə götürdüyü gənc yarımmüdafiəçi Ramon Terratsın transfer hüquqlarını alıb. Sözügedən klub bunun üçün qarşı tərəfə 2,5 milyon avro ödəyib. 22 yaşlı ispan futbolçu “Vilyarreal”da 18 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb. O, daha öncə “Jirona” və “Sant Andreu” klublarında çıxış edib.

“Vilyarreal” “Barselona”nın gənc yarımmüdafiəçisi İlyas Axomaşı da transfer edib. 19 yaşlı sağ cinah vingeri yeni klubuna azad agent kimi qoşulub və 4 illik sözləşmə imzalayıb. “Barselona”nın öz yetirməsi olan futbolçu klubun əsas komandasında cəmi 3 matç keçirib. O, hazırda İspaniyanın U-19 yığmasında çıxış edir və komandanın kapitanıdır.

“Vilyarreal” “Rayo Valyekano”nun yarımmüdafiəçisi Santi Komesananı da heyətinə qatıb. 26 yaşlı ispan 2027-ci ilin 30 iyununa qədər bu komandada çıxış edəcək. Yarımmüdafiəçi 2016-cı ildən çıxış etdiyi “Rayo Valyekano”da 219 oyun keçirib, 13 qol və 10 assistlə yadda qalıb.