Bundesliqa hakimi Feliks Brix rekord oyununda zədələndi

Almaniya Bundesliqasının 12-ci turunun “Ayntraxt” – “Ştutqart” oyununda (1:2) alman hakim Feliks Brix zədə ilə üzləşib.

Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, müayinə Brixin dizində çarpaz bağların qopmasını müəyyənləşdirib.

“Olan budur. Bu, həyatdır. İndi mən burada dayanıb rekorda sevinirəm, amma digər tərəfdən üzülürəm”, deyə Brix zədəsi haqda məlumat aldıqdan sonra təzadlar içində bildirib.

Xatırladaq ki, oyunun 32-ci dəqiqəsində alman hakim büdrəyərək dizindən ciddi zədə alıb. Brix oyunun birinci yarısını birtəhər başa vura bilib. Bundan sonra onu oyunun dördüncü hakimi, 28 yaşlı Patrik Şvengers əvəz edib. Yeri gəlmişkən, bu, Şvengers üçün debüt oyunu olub.

Bu oyun Feliks Brixin Bundesliqa çərçivəsində idarə etdiyi 344-cü oyun olub. Bununla da Brix, hakim Volfqanq Starkın Almaniya çempionatında 2017-ci ildə müəyyən etdiyi mütləq rekordu təkrarlayıb.