Cəlal Hüseynov “Arda”nı “Şamaxı”ya dəyişdi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubundan ayrılaraq “Şamaxı”ya keçib.

Arena.az xəbər verir ki, bu barədə Şamaxının eyniadlı klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Şamaxı” Cəlalı “Arda”dan 2024/2025-ci illər mövsümünün sonuna qədər icarəyə götürüb.

Xatırladaq ki, Cəlal Hüseynov 2022/2023 mövsümündə də “Şamaxı”da icarədə olub və bu klubun forması altında 34 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Cəlal Hüseynov 2023-cü ilin iyun ayında “Zirə”dən azad agent kimi ayrılaraq “Arda”ya keçib və Bolqarıstan klubu ilə 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 49 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da oynamış Cəlal 2021-ci ilin noyabr ayında əsas millimizdə debüt edib. 21 yaşlı futbolçu Azərbaycan yığmasında 5 oyuna keçirib.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.