Cəlal Hüseynov Bolqarıstan klubunda!

Futbol üzrə Azərbaycan millisinin və “Zirə”nin müdafiəçisi Cəlal Hüseynov karyerasını Bolqarıstanda davam etdirəcək.

Arena.az xəbər verir ki, 20 yaşlı futbolçu Bolqarıstanın “Arda” klubuna transfer olunub.

Hələlik klub bu keçidi açıqlamasa da, məşhur “Transfermarkt” portalı Cəlalı “Arda”nın futbolçusu kimi təqdim edir. Transferin detalları və tərəflər arasındakı müqavilənin müddəti də açıqlanmır. Böyük ehtimalla klublar da bu transferi rəsmən açıqlayacaqlar.

Xatırladaq ki, Cəlal Hüseynov “Zirə”nin yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Futbolçu qəsəbə təmsilçiisndə 42 oyun keçirib, 1 qol da vurub.

Geridə qalan mövsümdə isə Cəlal icarə əsasında “Şamaxı”nın uğurları üçün çalışıb. O, əyalət klubunda da 34 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Müdafiəçi 2021-ci ildən formasını geyindiyi Azərbaycanın əsas milli komandasında da 5 oyuna çıxıb.

Sonda onu da xatırladaq ki, “Arda” Bolqarıstan çempionatında 2022-2023 mövsümünü 16 komanda arasında 8-ci pillədə başa vurub. 30 oyuna 42 xal toplamış komanda 11 qələbə, 9 heç-heçə və 10 məğlubiyyət görüb.

Kardjali (Qırcaəli) şəhərini təmsil edən bu klub 1924-cü ildə yaradılıb.