Cəlal Hüseynov cəzalandı, komandası 4 qola üzüldü – Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 22-ci turu çərçivəsində keçirilmiş Sofiya “Levski”si ilə oyunun iştirakçısı olub.

Rəqib meydanında baş tutan bu qarşılaşma “Arda”nın məğlubiyyəti ilə başa çatıb. 9, 33, 44 və 49-cu dəqiqələrdə buraxılan qollar futbolçumuzun komandasını xalsız qoyub – 0:4.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, 48-ci dəqiqədə sarı vərəqə də alıb.

Ardıcıl üçüncü məğlubiyyətinə üzülən “Arda” ölkə çempionatında 22 turdan sonra 31 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 20 rəsmi oyuna çıxıb, 1 qol vurub.