Cəlal Hüseynov oynadı, “Arda” 1/4 finalda dayandı – Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilmiş Sofiya ÇSKA-sı ilə oyunun iştirakçısı olub.

Rəqib meydanında baş tutan bu qarşılaşma “Arda”nın məğlubiyyəti ilə başa çatıb. 18-ci dəqiqədə buraxılan yeganə qol futbolçumuzun komandasının kubokla erkən vidalaşmasına gətirib çıxarıb – 0:1.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Bu, Cəlalın komandasının çempionat və kubok da nəzərə alınmaqla ardıcıl dördüncü məğlubiyyətidir. Məhz çempionatdakı son məğlubiyyətlərdən sonra Aleksandr Tunçevi istefaya göndərmiş “Arda” ÇSKA ilə kubok matçına köhnə-yeni baş məşqçisi Nikolay Kirovun rəhbərliyi altında çıxıb. Amma 48 yaşlı bolqar mütəxəssisin qayıdışı da Cəlalın komandasına kömək olmayıb.

“Arda” hazırda Bolqarıstan çempionatında da 22 turdan sonra 31 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 21 rəsmi oyuna çıxıb, 1 qol vurub.