Cəlal Hüseynov oynadı, “Arda” “Pirin”lə bacarmadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 23-cü turu çərçivəsində keçirilmiş “Pirin”lə oyunun iştirakçısı olub.

“Arda” doğma meydanda baş tutan bu qarşılaşmadan xal itkisi ilə ayrılıb – 0:0.

Hüseynov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

Ardıcıl üç məğlubiyyətdən sonra ilk xalını qazanan “Arda” ölkə çempionatında 23 turdan sonra 32 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 22 rəsmi oyuna çıxıb, 1 qol vurub.