“Zirə” müdafiəçisi Cəlal Hüseynov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, Premyer Liqa klubu Azərbaycan millisinin də üzvü olan gənc futbolçunu icarəyə göndərib.
Belə ki, 19 yaşlı müdafiəçi cari mövsümün sonuna kimi “Şamaxı”da çıxış edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Cəlal Hüseynov “Zirə”nin öz yetirməsidir. O, peşəkar karyerasına 2020-ci ildə məhz bu komandada başlayıb. Mərkəz müdafiəçisi artıq Azərbaycanın əsas millisində də 3 oyuna çıxıb.
“Zirə” bu yay Brayan Alseus, Ağabala Ramazanov, Davit Volkov və Ahmed Ayzaya ilə də yollarını ayırmışdı. Qismət Alıyev, İlkin Muradov, Ruslan Abışov, Anar Nəzirov, Hacıağa Hacılı, Filipe Paxtmann, Sərtan Taşkın və Dimitrios Çantakiasla yeni müqavilə imzalanıb. Həmçinin heyətə Mirsahib Abbasov, Slavik Alxasov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, Moiz Adileu, Andriya Lukoviç və Toni Korreya Qomes kimi futbolçular cəlb olunub.