Cəlal Hüseynov “Slaviya” üzərində qələbəni kənardan izlədi

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının daha bir oyununu buraxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 21-ci turu çərçivəsində “Slaviya” (Sofiya) ilə qarşılaşıb.

“Arda” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. Hüseynov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Arda” 21 turdan sonra 27 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Komanda bu oyunlarda 7 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 71 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 8 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: