Cəlal Hüseynovun komandası “Krumovqrad”la bacarmadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın “Arda” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Bolqarıstan çempionatının 26-cı turu çərçivəsində “Krumovqrad”la qarşılaşıb.

“Arda” doğma meydanda baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.

Hüseynov bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçinin adı bu matçın iştirak ərizəsinə də daxil edilməyib. Buna Cəlalın Azərbaycanın U-21 yığmasının düşərgəsindən yenicə qayıtması səbəb olub.

“Arda” bu nəticədən sonra ölkə çempionatında 36 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 24 rəsmi oyuna çıxıb, 1 qol vurub.