Cəlal Hüseynovun komandası “Levski”yə məğlub oldu

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın “Arda” komandası növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Bolqarıstan çempionatının 2024/2025-ci illər mövsümünün 10-cu turu çərçivəsində “Levski” ilə qarşılaşıb.

Sofiya təmsilçisi ilə səfərdə qarşılaşan “Arda” bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:2.

Hüseynov bu görüşün iştirakçısı olmayıb. 21 yaşlı müdafiəçi sonadək ehtiyada qalıb.

“Arda” bu nəticədən sonra ölkə çempionatında 14 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Sofiya “Levski”si isə 25 xalla birincidir.

Xatırladaq ki, “Arda”ya “Zirə”dən keçmiş Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 43 rəsmi oyuna çıxıb, 1 qol vurub.