Futbol üzrə Cənubi Amerika Super Kubokunun ikinci final qarşılaşması baş tutub. Arena.az xəbər verir ki, həlledici oyunda Braziliyanın “Flamenqo” və Ekvadorun “İndependyente del Valye” komandaları üz-üzə gəliblər.
Bu komandalar arasında fevralın 22-də keçirilmiş ilk final matçında “İndependyente del Valye” doğma meydanda 1:0 hesabıyla qalib gəlmişdi. Bu gün baş tutan cavab görüşündə isə Braziliya təmsilçisi oxşar hesabla qalib gəlib. “Marakana” stadionunda baş tutan qarşılaşmanın 90+6-cı dəqiqəsində qol vuran meydan sahibləri matçı əlavə vaxta daşıyıblar. Əlavə vaxtda başqa qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq (5:4) yerinə yetirən “İndependyente del Valye” Cənubi Amerika Super Kubokunun qalibi olub.
Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən 31-ci dəfə təşkil olunmuş bu yarşıda Ekvador klubu tarixində ilk dəfə qalib olub. “İndependyente del Valye” 2020-ci ildə də finalda məğlub olaraq ikinci yeri tutmuşdu. Maraqlıdır ki, həmin vaxt da qalib tərəf “Flamenqo” olmuşdu. Bu turnirdə ən çox uğuru olan klublar isə Argentina təmsilçiləridir. “Boka Xuniors” 4 kubokla rekordçudur. “River Pleyt” isə 3 dəfə belə uğura imza atıb.
Xatırladaq ki, “Flamenqo” Super Kubokda oynamaq hüququnu ötən mövsüm Libertadores Kubokunu, “İndependyente del Valye” isə Sudamerikana Kubokunu qazanmaqla əldə etmişdi.