“Nyukasl”ın italyan yarımmüdafiəçisi Sandro Tonali 10 aylıq qadağadan sonra avqustun 28-də “sağsağanlar”ın heyətində məşqlərə başlayacaq.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Xarırladaq ki, Tonali qanunsuz mərc qoyuluşlarında iştirakı səbəbindən 10 aylıq müddətə futboldan kənarlaşdırılmışdı.
“Tonalinin 10 aylıq rəsmi futbol fəaliyyətinin qadağası başa çatdıqdan sonra avqustun 28-də komandaya qayıdacağını açıqlaya bilərik. Klub İtaliya Futbol Federasiyasından (FIGC) futbolçuya qarşı idman sanksiyasının avqustun 27-si daxil olmaqla, Çərşənbə axşamına qədər qüvvədə olacağına dair rəsmi təsdiq alıb”, – “sağsağanlar”ın bəyanatında deyilir.
Sandro Tonali 2023-cü ilin iyulunda “Milan”dan “Nyukasl”a özü də istəmədən transfer edilib. Tonalinin özü karyerasını “Milan”a həsr etmək arzusunda olsa da, “rossoneri” rəhbərliyi onun transferində israrlı olub. “Nyukasl” italyan “dayaqçı” ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış 2023/2024-cü illət mövsümdə Sandro Tonali “sağsağanlar”ın heyətində bütün yarışlarda 12 oyun keçirib, 1 qol vurub.
Sandro Tonali 2019-cu ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heəytində 15 oyun keçirib, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı italyan dayaq yarımmüdafiəçinin transfer dəyərini 38 milyon avro məbləğində qiymətləndirir.