Azərbaycanlı beynəlxalq qrossmeyster, əməkdar məşqçi Cahangir Ağarəhimov FIDE tərəfindən nüfuzlu mükafata layiq görülüb.
Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2023-cü ilin ən yaxşı məşqçilərinin adını açıqlayıb.
FIDE-nin rəsmi saytında yayılan məlumata əsasən, beynəlxalq qrossmeyster, əməkdar məşqçi Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.
Xatırladaq ki, Ağarəhimov məşqçilik fəaliyyətində beynəlxalq qrossmeyster və beynəlxalq ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar. 2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.
