Camal Musiala Almaniya yığmasının oyunlarını buraxacaq

“Bayern”in gənc hücumameylli yarımmüdafiəçisi Camal Musiala “bundestim”in sentyabrdakı oyunlarında iştirak etməyəcək.

Arena.az bu barədə Münhen klubunun mətbuat xidmətinə istinadən məlumat verir

20 yaşlı yarımmüdafiəçi belindəki zədənin müalicəsi ilə məşğuldur. Məhz bu səbəbdən Musiala Almaniya yığmasının qarşıdakı yoldaşlıq oyunlarını buraxmaq məcburiyyətindədir.

Xatırladaq ki, Almaniya yığması sentyabrın 9-da Yaponiya kollektivi ilə, sentyabrın 12-də isə Fransa komandası ilə qarşılaşacaq.

Geridə qalmış 2022/2023 mövsümündə Musiala “Bayern”in heyətində 47 oyun keçirib, 16 qol vurub və eyni sayda məhsuldar ötürmə verib, münhenlilərlə Bundesliqanı qazanıb. Yenicə başlamış cari mövsümdə gənc yarımmüdafiəçi 3 oyuna çıxıb, hələlik məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Musialanın “Bayern”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 23 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Camal Musialanı 110 milyon avro məbləğində qiymətləndirir.

Daha əvvəl Musiala mövsümün ən yaxşı gənc oyunçusuna təqdim edilən “Kopa Trophy” mükafatına namizədlər siyahısına daxil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: