“Bayern”in yarımmüdafiəçisi Camal Musiala Almaniya Bundesliqasının 2024/2025-ci illər mövsümündən gözləntiləri haqda danışıb.
Arena.az almaniyalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Biz məşqlərdə təkmilləşməli və mümkün qədər çox oyunda qalib gəlməliyik. Biz hər kəsə qalib gələ bilərik, o cümlədən “Bayer”ə”, deyə Musiala iddiasını ortaya qoyub.
Xatırladaq ki, “Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Onun Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
2023/2024 mövsümündə Musiala “Bayern”in heyətində 38 oyun keçirib. O, bu oyunlarda 12 qol vurub və 8 məhsuldar ötürmə verib. Ötən mövsüm “Bayern” üçün uğursuz keçib. Belə ki, Camalın komandası mövsümü titulsuz başa vurub.
Musiala 2022/2023 mövsümündə isə münhenlilərlə Bundesliqanın qalibi olub. Yarımmüdafiəçinin “Bayern” karyerası bütövlükdə 163 oyun, 43 qol və 31 məhsuldar ötürmədən ibarətdir.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 34 oyun keçirib. O, bu oyunlarda 5 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı Camal Musialanı 130 milyon avro məbləğində qiymətləndirir.