2025-ci il FIFA Klub Dünya Kubokunun PSJ ilə 1/4 final oyunu “Bayern”in alman yarımmüdafiəçisi Camal Musiala üçün düşərli olmayıb.
Arena.az məlumat verir ki, Münhen klubunun 0:2 hesab ilə məğlub olduğu oyunda Musiala çox ağır zədə alıb.
Musiala oyunun birinci hissəsində PSJ-nin 26 yaşlı italyan qapıçısı Canluici Donnarumma ilə toqquşaraq, sınıqla üzləşib. Camal meydandan xərəkdə çıxarılıb və dərhal xəstəxanya yerləşdirilib. Münhenə gəitirilmiş Musiala bu gün, iyulun 6-da cərrahi əməliyyata qaldırılmalıdır.
Kütləvi informasiya vasitələrinə sızmış məlumata görə, Musiala sol baldır sümüyünün sınığı və topuğunun çıxması səbəbindən ayaq vətərlərinin zədələnməsi ilə üzləşib.
“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
2024/2025-ci illər mövsümündə Musiala “Bayern”in heyətində 44 oyun keçirib, 21 qol vurub, 8 məhsuldar ötürmə verib.
Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 207 oyun, 64 qol və 39 məhsuldar ötürmədən ibarətdir.
Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 5 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023, 2024/2025) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.
Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 40 oyun keçirib, 8 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 22 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.


