Camal Musiala: “Mənim uşaqlıq qəhrəmanım Lionel Messi olub”

“Bayern”in alman hücumameyilli yarımmüdafiəçisi Camal Musiala uşaqlıqda pərəstiş etdiyi futbolçu haqda söhbət açıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, alman futbolçunun bu barədə fikrini təqdim edir:

“Uşaqlıqda mənim köynəyimin arxasında demək olar ki, həmişə Messi adı olurdu. Mənim Neymar adı ilə də bir köynəyim vardı, amma Messi mənim qəhrəmanım, sevimli oyunçum idi!”, deyə Musiala xatırlayıb.

Əlavə edək ki, 21 yaşlı Camal Musiala Avropanın ən perspektivli gənc futbolçularından biri sayılır. Hazırda bir çox Avropa nəhəngləri artıq indidən alman yarımmüdafiəçinin ovuna çıxıblar.

“Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Futbolçunun Münhen klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Musiala “Bayern”in heyətində 21 oyun keçirib, 13 qol vurub, 5 məhsuldar ötürmə verib.

Gənc yarımmüdafiəçinin “Bayern” karyerası ümumilikdə 184 oyun, 56 qol və 36 məhsuldar ötürmədən ibarətdir.

Musiala “Bayern”lə UEFA Çempionlar Liqasının (2019/2020), FIFA Klub Dünya Kubokunun (2021), UEFA Super Kubokunun (2020/2021) qalibi olub. Musiala Münhen klubu ilə 4 dəfə Almaniya çempionu (2019/2020, 2020/2021, 2021/2022, 2022/2023) və 3 dəfə Almaniya Kubokunun (2020/2021, 2021/2022, 2022/2023) qalibi olub.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 38 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı almaniyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: