Caner Erkin “Fənərbaxça”nı bu kluba dəyişdi

Futbol üzrə Türkiyə millisinin müdafiəçisi Caner Erkin “Fənərbaxça”dan ayrılıb. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bundan sonra “Fatih Karagümrük”də çıxış edəcək.

Bu barədə təcrübəli müdafiəçinin yeni klubu məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Caner Erkin 2020/21 mövsümünün əvvəlindən “Fənərbaxça”da çıxış edirdi. O, 2010-2016-cı illər aralığında da bu klubun uğurları üçün çalışıb. Təcrübəli futbolçu karyerası ərzində “Manisaspor”, ÇSKA (Moskva), “Qalatasaray” və “Beşiktaş”ın da formasını geyinib. Türkiyə millisində 59 matça çıxan sol cinah müdafiəçisi, 2 qola da imza atıb.

“Fatih Karagümrük” Caner Erkindən başqa daha üç futbolçu ilə güclənib. Elita təmsilçisinin yeni transferlərindən biri niderlandlı mərkəz müdafiəçisi Derrik Lukkassendir. 26 yaşlı futbolçu PSV-dən transfer olunub. O, daha öncə “Alkmaar”, “Herta”, “Anderlext” və “Kasımpaşa”da da oynayıb.

Niderlandın “Fortuna Sittard” komandasının yarımmüdafiəçisi Adnan Uğur da İstanbul təmsilçisinə keçib. Türk əsilli belçikalı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb. 20 yaşlı yarımmüdafiəçi Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

İstanbul təmsilçisinin digər transferi hücumçu Yann Karamodur. Fil Dişi Sahilində anadan olan fransalı futbolçu “Parma”dan transfer olnubu. 23 yaşlı forvard “Bordo”, “İnter” və “Kan” klublarında da çıxış edib. O, Fransanın U-21 yığmasının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: