Canluici Donnarumma tənqidləri cavabladı: “Özümdən razıyam”

PSJ-nin qapıçısı Canluici Donnarumma Liqa 1-in 7-ci turunda “Nitsa” ilə səfər oyunundan (1:1) sonra ünvanına yönəlmiş tənqidləri cavablayıb.

Arena.az “Ekip” dərgisinə istinadən, italyan qapıçının bu barədə fikriin təqdim edir:

“Birinci hissə çox da yaxşı alınmadı, daha yaxşı çıxış etməli idik. Bu xüsusu təkmilləşdirmək gərəkdir, çünki bu, çox vacibdir. İkinci hissədə isə daha yaxşı idik. Biz daha aqressiv olmalıyıq. Tənqid məni narahat etmir, mən buna hazıram, özümdən və bu komanda ilə işləməkdən razıyam. Çempionatın sonuna hələ çox var, eyb etməz, birinci deyilik, tərəqqi edəcəyik. Birinci hissədə çox səhv etdik, amma ikinci hissədəki kimi oynasaq, çox yaxşı oyunlarımız olacaq”, deyə Donnarumma vurğulayıb.

Xal itkisi nəticəsində PSJ Liqa 1-in yarış cədvəlində liderliyi “Monako”ya təslim edib. Knyazlıq klubu 19 xalla 1-ci, PSJ isə 17 xalla 2-ci pillədə qərarlaşıb. “Nitsa” isə 9 xalla 9-cu pillədədir.

Canluici Donnarumma 2021-ci ilin iyulundan PSJ-də çıxış edir. Qapıçı “Milan”dan sərbəst transferlə parislilərin düşərgəsinə keçib. Tərəflər arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Cari mövsümdə italyan qapıçı parislilərin hetyətində 6 oyuna çıxıb, 6 qol buraxıb, 1 oyundan “quru” qurtulub. Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 120 oyun, 119 buraxılmış qol və 40 “quru” oyundan ibarətdir.

Futbol uğurlarına gəlincə, Donnrumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024), Fransa Kubokunun (2023/2024), Fransa Super Kubokunun (2022/2023, 2023/2024) qalibi olub.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığmasının heyətində 68 oyun keçirib, 56 qol buraxıb, 28 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzrra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı italyan qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: