“Kalyari”nin yarımmüdafiəçisi Canluka Qaetano İtaliya A Seriyasının 33-cü turunda “Yuventus”la ev oyununu (2:2) şərh edib:
Arena.az italyan futbolçunun bu barədə fikirlərini təqdim edir:
“Bu nəticədə acı dad var. İkinci hissədə azacıq geriləsək də, “Yuventus” iki qol vurmaq imkanı tapsa da, yaxşı oyun keçirdik. Nəticə təəssüf doğurur, amma bu, adidir”, deyə Qaetano vurğulayıb.
Qeyd edək ki, “Kalyari”də icarə əsasında çıxış edən Canluka Qaetano müqavilə ilə “Napoli”yə məxsusdur. Onun indiki klubu ilə icarə müqaviləsi cari mövsümün sonuna – 30 iyuna kimidir.
Qaetano “Kalyari”nin heyətində cari mövsümdə cəmi 8 oyuna çıxıb. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi bu oyunlarda 4 qola imza atıb. Elə “Yuventus”la oyunda da komandasının qollarından birini məhz Canluka vurub.
İtalyan yarımmüdafiəçi “Kalyari” və “Napoli”dən başqa “Kremoneze”də də forma geyinib. O, İtaliyanın U-15, U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Xatırladaq ki, “Kalyari” İtaliya A Seriyasının cari mövsümündə 33 oyuna topladığı 32 xalla 14-cü pillədə qərarlaşıb. “Yuventus” isə 64 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.