“Atalanta”nın italyan mərkəz hücumçusu Canluka Skamakka dizin çarpaz bağından aldığı zədəsi səbəbilə cərrahi əməliyyat edilib.
Arena.az bu barədə “Atalanta”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Cərrahi müdaxilə uğurla başa çatıb. Futbolçu hətta yüngül məşqçlərə başlaya bilər. Bərpa müddətinin nə qədər çəkəcəyi isə dəqiq məlum deyil. Bununla belə, müvafiq zədədən sağalma futbolçuların şəxsi fiziki verilənləri mənzərəsində müxtəlif müddət tələb edə bilər.
Xatırladaq ki, Skamakka “Atalanta”nın bir neçə gün öncə “Parma”ya qarşı keçirdiyi yoxlama oyununda ağır zədə almışdı. İtalyan forvardın ön çarpaz bağları qopub. Bu üzdən onun təxminən yarım il futboldan kənar qalacağı ehtimal olunur.
Canluka Skamakka futbola “Latsio”da qədəm qoyub. Buradan “Roma”nın düşərgəsinə keçmiş italyan hücumçu karyerası ərzində PSV, “Sassuolo”, “Kremoneze”, “Zvolle”, “Askoli”, “Cenoa”, “Vest Hem” və “Atalanta”da çıxış edib.
“Atalanta” Skamakkanı 2023-cü ilin avqustunda 25,6 milyon avro məbləğ müqabilində “Vest Hem”dən düşərgəsinə qatıb. İtalyan hücumçunun Berqamo təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Skamakka geridə qalmış 2023/2024-cü ilər mövsümündə “Atalanta”nın heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 19 qol vurub, 8 məhsuldar ötürmə verib.
Canluka Skamakka 2021-ci ilin sentyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 20 oyuna 1 qolla fərqlənib.
Canluka Skamakkanın qənimətlər muzeyində “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və “Atalanta” ilə qazandığı Avropa Liqası (2023/2024) var.
“Transfermarkt” internet-portalı 25 yaşlı italyan hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.