Canluka Skamakka rəsmən “Atalanta”da!

İngiltərənin “Vest Hem” klubunun və İtaliya yığmasının mərkəz hücumçusu Canluka Skamakka “Atalanta”ya keçib.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

“Atalanta” hücumçunun müqabilində “Vest Hem”ə 25 milyon avro ödəyəcək. Üstəlik, razılaşma əlavə 5 milyon avro məbləğində bonusların ödənilməsini nəzərdə tutub ki, bu da müəyyən şərtlərin yerinə yetirilməsi müqabilində keçərlidir. Tərəflər 4 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıblar.

Skamakkanın A Seriyasında oyun təcrübəsi var. İtalyan hücumçu “Sassuolo”da oynayıb və bu onun karyerasında ən məhsuldar dövr olub. O vaxt Skamakka 41 oyunda 16 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

“Vest Hem” Skamakkanı ötən ilin yayında məhz “Sassuolo”dan 28,5 milyon avro qarşılığında heyətinə qatmışdı. Geridə qalmış 2022/2023 mövsümündə o, “Vest Hem”in heyətində 27 oyuna çıxıb, 8 qol vurub və “çəkicdöyənlər”lə Avropa Konfrans Liqasını qazanıb.

24 yaşlı hücumçu karyerası ərzində “Askoli”, “Cenoa”, “Kremoneze”, “Zvolle” kimi klublarda da forma geyinib.

Canluka Skamakka 2021-ci ildə debüt etdiyi İtaliya yığmasının heyətində 11 oyun keçirib, qol vurmayıb.

Yeri gəlmişkən, bu yay “Vest Hem”dən azad agent kimi ayrılmış hücumameyilli yarımmüdafiəçi Manuel Lansini də özünə yeni klub tapıb. Argentinalı futbolçu azad agent kimi ölkəsinin “River Pleyt” klubuna keçib və 1+1 illik müqaviləyə imza atıb.

30 yaşlı futbolçu 2015-ci ildən “Vest Hem”in formasını geyinirdi. Yarımmüdafiəçi bu komandada bütövlükdə 226 oyuna çıxıb, 32 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.

Lansini karyerası ərzində “River Pleyt”, “Fluminense”, “Əl-Cəzirə” kimi klublarda da forma geyinib. O, Argentina yığmasında da 5 oyun keçirib, 1 qola imza atıb.