Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi aprelin 13-də istefaya göndərilə bilər. Arena.az xəbər verir ki, bununla bağlı AFFA İcraiyyə Komitəsinin (İK) təcili iclası çağırılıb.
Belə ki, aprelin 13-də qurum üzvləri bir araya gələcəklər. Federasiyadan verilən məlumata görə, İK-nın növbəti iclası AFFA-nın inzibati binasında keçiriləcək. Saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Azərbaycan milli komandasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazinin İcraiyyə Komitəsinə hesabatı
- Digər məsələlər
Xatırladaq ki, De Byazinin rəhbərlik etdiyi yığma komandamız AÇ-2024-ün seçmə mərhələsinə çox bərbad başlayıb. İlk oyunda Avstriya yığmasına səfərdə 1:4 hesabıyla uduzan millimizin İsveçlə səfər matçı daha biabırçı nəticə ilə başa çatıb – 0:5.
Əslində, futbol ictimaiyyəti bu oyunlardan dərhal sonra AFFA rəhbərliyinin bir araya gəlib italiyalı mütəxəssislə bağlı qərar verməsi gözlənilirdi. Lakin futbol başbilənlərimiz üstündən xeyli müddət keçəndən sonra – aprelin 13-də toplaşmaq qərarına gəliblər. Ümid edək ki, gec də olsa, İK üzvləri millini gündən-günə daha da uçuruma aparan De Byazinin istefasına qərar verəcəklər. Əks halda onların italiyalı mütəxəssisi postunda saxlaması həm futbol ictimaiyyəti, həm də azarkeşlər tərəfindən böyük narazılıqla qarşılanacaq.
Xatırladaq ki, Canni De Byazi 2020-ci ilin 30 iyunundan Azərbaycan milli komandasına rəhbərlik edir. Yığmamız onun rəhbərliyi altında 32 oyun keçirib. Komanda bu oyunlarda 7 qələbə qazanıb, 7 heç-heçə edib və 18 məğlubiyyətə üzülüb. AFFA rəhbərliyi sonuncu dəfə 2022-ci ilin oktyabr ayında onunla bir illik yeni müqavilə bağlayıb. Müqaviləyə əsasən, De Byazi AÇ-2024-ün seçmə mərhələsinin sonuna – 2023-cü ilin 30 noyabrına qədər yığmamıza rəhbərlik etməlidir.


