Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AÇ-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, italyan mütəxəssis “Dalğa Arena”da 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Ağır oyun olsa da, 90 dəqiqə ərzində ağıllı çıxış etdik. Yenə də çox şeyi inkişaf etdirməliyik. Topu irəli vurmamalı, yerlə oynamalıyıq. İmkan olduqca da qol vurmalıyıq. Yaxşı oyun göstərdiyimizi düşünürəm. Bundan da artığına nail ola bilərdik. AFFA prezidenti matçdan sonra uşaqlarla görüşdü, hamıya təşəkkürünü bildirdi. Komandadan razı qaldığını dedi. Bu, sevindirici haldır”.
67 yaşlı çalışdırıcı meydana sonradan daxil olanlardan da razılıq edib: “Əvəzlənənlər artıq yorulmuşdular. Ümumilikdə bütün komanda xoşuma gəldi. Belə oyunda əvəzetmədən meydana girdikdən sonra oyuna qoşulmaq çətin məsələdir. Əsas odur ki, belə vəziyyətdə oyun səviyyəsi aşağı düşməsin”.
Rahil Məmmədovun çıxışından razı qalan baş məşqçi digər müdafiəçi Amin Seydiyevin “23-lük”dən kənarda qalmasının səbəbini də açıqlayıb: “Amin Seydiyev bizimlədir. Sadəcə, başqa xarakterli oyunçular lazım idi. Çünki belçikalı futbolçular fiziki cəhətdən güclüdürlər. Rahil Məmmədovun isə təcrübəsi bizə lazım idi. Çempionatın bütün matçlarında iştirak edir. Bu gün də yaxşı çıxış etdi”.
Canni De Byazi doğru yolda olduqlarını vurğulayıb: “Bu gün meydanda yaxşı oyun sərgilədik. Belə rəqiblə mübarizə apara bildiyimizi göstərdik. Bu gün Emil Səfərov kimi yeni futbolçu meydana daxil oldu. Bu, gələcəyə doğru yaxşı addımdır. Nəyəsə nail olmaq üçün təcrübələrdən keçməlisən. Nəzərə alaq ki, futbolçuları Avropanın top-klublarında çıxış edən güclü komandalara qarşı oynayırıq”.
Tedesko: “Performansımız ürəkaçan olmadı”
Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko isə Bakıdakı qələbə barədə bunları söyləyib:
“3 xal qazandığımız üçün xoşbəştik. Performansımız ürəkaçan olmadı. Daha yaxşı olmalı idik. Bu kimi oyunlarda ikinci qolu vurub, oyunu “öldürmək” lazımdır. İkinci topu vurduqdan sonra rəqibin ümidləri ölür”.
Gənc çalışdırıcı Azərbaycan millisi barədə xoş sözlər işlədib: “Çox adama elə gəlirdi ki, rahat olacaq. Meydança da yaxşı vəziyyətdə deyildi. Rəqib də futbol oynayırdı, şanslar yaradırdı. Bir neçə epizodda çətinlik çəkdik. Renat Dadaşovun başla zərbəsində qapıçımız çətinlik çəkdi. Belə matçlarda qələbə qazanmaq vacibdir”.