Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsinin Belçika yığması ilə oyunu öncəsi fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis “voetbalgokken.nl” saytına açıqlamasında iddialı danışıb.
“Belçika yığmasına təslim olmaq fikrimiz yoxdur. Baxmayaraq ki, rəqibin heyətində ulduz futbolçular cəmləşib. Bu üzdən də onlarla oyun bizim üçün çox çətin olacaq. Rəqib böyük ulduzlara malik komandadır və FİFA reytinqində yuxarı pillələrdədir. Onların tanınmış klublarda çıxış edən futbolçuları var. Bizim oyunçuların çoxu isə daxili çempionatda mübarizə aparırlar. Ancaq yenə də öz oyunumuzu sərgiləyəcək və hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Canni De Byazi Azərbaycan millisindəki əsas problemdən də söz açıb. 67 yaşlı mütəxəssisin fikrincə, bu, milliyə namizəd futbolçu sayının az olmasıdır:
“Fikrimcə, Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq çox çətin olar. Azərbaycan millisinin səviyyəsi o qədər yüksək olmasa da, ildən-ilə daha da yaxşılaşır. Yaxşı oyunçularımız var. Əsas problem odur ki, seçim imkanımız məhduddur”.
Xatırladaq ki, Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Belçika yığmasını qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək bu oyuna saat 17:00-da start veriləcək.
F qrupunda yer alan bu komandalardan Belçika yığması 7 xalla 2-ci pillədə qərarlaşıb. Azərbaycan milli komandası isə 1 xalla sonuncu – 5-ci yerdədir. Qrupa 10 xala malik Avstriya millisi başçılıq edir. İsveç yığması 3 xalla 3-cü, Estoniya milli komandası isə 1 xalla 4-cüdür.