Canni De Byazi: “Bu dəfə daha uğurlu çıxış edəcəyik”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqası çərçivəsində Qazaxıstana qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“İnanıram ki, budəfəki Millətlər Liqası ilk mövsümdən fərqli olacaq. Qazaxıstan, Slovakiya və Belarusla bir qrupda mübarizə aparırıq. Güclü qrupa düşmüşük. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq”.

66 yaşlı mütəxəssis sabahkı matç üçün heyəti müəyyənləşdirdiyini bildirib: “Amma indi bunu açıqlaya bilmərəm. Sabah oyundan əvvəl biləcəksiniz. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var”.

Canni De Byazi düşündüyü bütün oyunçuları növbəti görüşlər üçün komandaya cəlb etdiyini vurğulayıb: “Bəzi oyunçular var ki, gələcəkdə milliyə düşəcəklər. Amma hazırda ən yaxşılar heyətdədir”.

Baş məşqçi heyətdə itkinin olmadığını sözlərinə əlavə edib: “İlk oyun çox önəmlidir. Uğurlu başlanğıc etmək vacibdir”.

Mətbuat konfransında iştirak edən Azərbaycan millisinin kapitanı Maksim Medvedev isə bunları dilə gətirib:

“Komandada əhval-ruhiyyə yaxşıdır. Futbolçular artıq klubları yaddan çıxarıblar və fikirlərini milliyə yönəldiblər. Yeni turnirə başlayırıq. Rəqibləri təhlil etmişik, onların güclü və zəif tərəflərini bilirik. Son iki gündə oyuna hazırlıq prosesi gedir. Bu gün isə sonuncu məşqimiz olacaq. Sabah ən optimal heyətlə mübarizə aparmağa çalışacağıq. İnanıram ki, ilk 11-likdə meydana çıxacaq oyunçular özlərini ən yaxşı tərəfdən göstərəcəklər və vuruşacaqlar.

Klubdakı son oyunlardan xeyli vaxt keçib. İstirahət etmək üçün yetərincə vaxtımız olub. Baş məşqçimiz də bunu nəzərə alaraq, oyunçuları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb”.

İyunun 3-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.