Canni De Byazi: “Dörd oyunda daha çox xal toplaya bilərdik”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqası çərçivəsində Belarusa qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Axır ki, qələbə qazandıq. Mən sevinirəm. Siz də sevinirsinizmi? Özüm üçün yox, futbolçular üçün sevinirəm. Çünki onlar buna layiqdirlər. 11 günə 4 oyun keçirdik. Ağır matçlar oldu. Mövsümün sonu olduğu üçün çox çətin idi. Amma bu gün qalib gələ bildik.

Qazaxıstan seçməsinin qrup liderliyi sürpriz olmamalıdır. Maraqlı məqam odur ki, onlarda mövsüm davam edir. Digər ölkələrdə isə mövsüm bitib və bu, fiziki baxımdan özünü göstərir. Qazaxıstana qarşı da yaxşı oynamışdıq. Amma şanslardan istifadə edə bilmədik və bu, bizə baha başa gəldi”.

De Byazi bu gün bəzi oyunçuları ikinci hissənin sonuna saxlamaq istədiklərini sözlərinə əlavə edib: “Bu gün oyun keydiyyəti baxımından yaxşı idik. İki hücumçudan başqa Aleksey İsayev və Coşqun Diniyevi xüsusi qeyd etməliyəm. Start heyətdə meydana çıxanlar da sonadək vuruşdular. Bu, Slovakiya ilə matçdan sonra çətin idi. Amma oyunçular bunu bacardılar”.

İtaliyalı baş məşqçi Slovakiyaya qarşı əvvəlki matçın ilk 20 dəqiqəsinin komanda üçün çətin keçdiyini etiraf edib: “Amma daha sonra yaxşı oynamışdıq. Son dəqiqələrdə istədiyimiz kimi oynamadıq və rəqib bundan yararlandı”.

Mütəxəssis problemlərin arxada qalacağına inandığını söyləyib: “Qalib gəlmişik deyə rahatlaşmamalıyıq. Bunu davam etdirməliyik. Əvvəlki oyunlarda da yaxşı oynamışdıq. Sizin üçün nəticə önəmlidir. Amma biz kompleks yanaşırıq”.

Canni De Byazi kapitan Maksim Medvedevin texniki zonada aktiv olmasına da toxunub: “Mən ona deyirdim, Maksim isə fikirlərimi oyunçulara çatdırırdı. Komandanın kapitanıdır, böyük təcrübəsi var. Fikirləşirəm ki, gələcəkdə də məşqçi işləyə bilər. Amma bu, pis və ağır işdir, bilmirəm, istəyər, ya yox. Bu gün hamımız bir yerdə vuruşurduq”.

Baş məşqçi 4 matçda start heyəti dəyişməməsi barədə də danışıb: “Bir oyun üçün cəmi 4 günümüz olur. Klubda daha asandır, vaxt çox olur. Bizdə belə deyil. Fikirləşirəm ki, komandanın inkişafı üçün bir yerdə daha çox oynaması vacibdir. Yorğun ola bilərlər, amma qərar verdik ki, belə davam edək”.

İtaliyalı mütəxəssis daha çox xala layiq olduqlarını söyləyib: “Qazaxıstanla oyunda xala layiq idik. Belarusla Serbiyada matçda isə 3 xal əldə edə bilərdik”.

“Azərbaycan millisi şanslardan istifadə etdi” – Kondratyev

Belarus yığmasının baş məşqçisi Georgi Kondratyev isə məğlub olduqları oyunu belə şərh edib:

“Hər iki komandanın şansı var idi. Sadəcə, qollar vura bilmirik. Keçmiş hücumçu kimi bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslardan istifadə etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm.

Komandaların səviyyəsi oyun keyfiyyəti baxımından bərabərdir. Azərbaycan yığması sürətli və qısa ötürmələrlə çıxış edir. Rəqibi yaxşı analiz etmişdik. Hətta Mahir Emrelinin sol ayağının üstün olduğunu bilirdik. Sadəcə, həmin epizodda sonadək oynaya bilmədik”.

Baş məşqçi ev oyunlarını Serbiyada keçirmələrinə də münasibət bildirib: “Bu, bizə təsir. Evdən kənarda oynamaq çox çətindir”.

Millimizin üzvləri də qələbəni şərh etdilər

Azər Salahlı: “Yaxşı oyun və yaxşı qələbə oldu. Bu qələbəni azarkeşlərimizə həsr edirik. Digər matçlarda da yaxşı oynamışdıq. Sadəcə, imkanlardan istifadə edə bilməmişdik. Bu dəfə isə 3 xal qazandıq. Bütün oyunlarımız çətin keçir. Epizodları dəyərləndirə bilsəydik, daha asan olardı. Bu gün meydana son oyunumuz kimi çıxdıq. Sevindirici haldır ki, sonda qələbə qazandıq. Əsas olan tilsimi qırmaq idi. Qarşdakı matçlarda da qalib gəlmək istəyirik”.

Emin Mahmudov: “Çətin qələbə oldu. Rəqib yaxşı müdafiə olunurdu. Hücuma keçməkdə çətinlik çəkirdik. Önəmli olan qalib gəlmək idi. Uzun müddət idi ki, qələbə qazanmırdıq. Bu baxımdan üzərimizdə psixoloji təzyiq var idi. Komandada yorğunluq hiss ounurdu. 10 günə 4 oyun çətindir. Bu gün daha çox yoruldum. Qələbə qazandıq. Yorulsam da, heç nə olmaz”.

Cəlal Hüseynov: “Ağır oyun alındı. Belarusla ilk matçımız da çətin keçmişdi. Meydana qələbə üçün çıxmışdıq. Fasilədə öz aramızda danışdıq və ikinci hissədə qollar vuraraq qalib gəldik. Hər bir azərbaycanlı futbolçu kimi mənim də əsas hədəfim millidə çıxış etmək idi. Arzumu reallaşdırdım. Buna görə Canni De Byaziyə təşəkkür edirəm”.