Canni De Byazi: “Gözləntilər böyük olanda təzyiq də güclü olur”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, italiyalı mütəxəssis 2:2 hesabıyla başa çatan matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Bu gün də qalib gələ bilmədik. Amma yaxşı oyun göstərdik. Xüsusilə ilk qoldan sonra yaxşı təsir bağışladıq. İkinci hissədə çoxlu qol imkanımız oldu. Bundan da yaxşı nəticə qazana bilərdik. Amma asan epizodlardan fərqlənə bilmiriksə, qalib gəlmək çətin olur. Futbolçuların oyunundan razıyam. Aramızda yaxşı əlaqə var. Bundan da çox inkişaf edə bilərik.

Fiziki baxımdan güclü komandaya qarşı oynadıq. Uzun müddətdir birlikdə oynayırlar və bu sistem üzərində işləyirlər.

Bu oyunda nəticə çox da önəmli deyildi. Amma bizim üçün yaxşı sınaq oldu. Meydanda sonadək mübarizə apardıq. Təəssüf ki, səhv bizə baha başa gəldi. Buna baxmayaraq, təslim olmadıq və yaxşı reaksiya verdik. Qalib də gələ bilərdik. Futbolda bu cür qara oyunlar olur.

Lüksemburqla ağır oyundan sonra futbolçular bu matça başqa cür yanaşa bilərdilər. Amma yaxşı təsir bağışladılar. Qətər reytinqdə 46-cıdır. Kollektiv çoxdandır birlikdə çıxış edir. Təəssüf ki, 2 lazımsız qol buraxdıq. Yaxşı ki, heç-heçə etdik. Bu, hardasa məni sevindirir. Çox vaxt iynəli suallarla qarşılaşanda nəsə demək asan olmur. Futbolda hər şey hər an dəyişə bilər. Əsas odur ki, uşaqlar gördüyümüz işə inanırlar. Artıq baza var. Bu yolda davam etmək lazımdır”

“Ölkəniz haqqında nə dediyimə “Google”da baxarsınız”

“Tək nəticələrə baxsaq, buradakı işimiz uğurlu alınmayıb. Ümumi götürsək, komandanın oyununda inkişaf görünür. Mən daha əvvəl də demişəm, nələrisə qurmaq istəyiriksə, bunu addım-addım etməliyik. Azərbaycan millisində gördüyümüz iş gələcəkdə ölkə futbolu üçün öz sözünü deyəcək. Mən hər şeyi sona çatdırmağa öyrəşmişəm. Artıq ideyalarım var. Nə edəcəyimi bilirəm. Hər şeyə federasiya qərar verəcək. Mən olsam da, olmasam da, bu layihənin üzərində işləmək lazımdır. Bunu daha əvvəl İtaliya yığması da edib. Böyük komandalardan nə isə öyrənmək lazımdır. Görürəm, taleyimlə bağlı çox səbirsizlənirsiniz. Qoy, qərar versinlər, ölkəniz haqqında nə dediyimə “Google”da yazıb baxarsınız”. (gülür)

Canni De Byazi azarkeşləri müsbət nəticələrlə sevindirə bilmədikləri üçün təəssüfləndiyini söyləyib: “Gözləntilər böyük olanda təzyiq də güclü olur. Tərəfdarları başa düşürəm. Amma artıq yığmanın bazası qurulur. Cəlal Hüseynov bu gün debüt etdi. Bizə xeyir verə bilər. Bəhlul Mustafazadəni, Emin Mahmudovu, Qara Qarayevi qeyd edərdim. Emin möhtəşəm oynadı. Bilmirəm, onu daha əvvəl belə görmüşdünüzmü? Gənc komandamız var. Hamısından razı qaldım və onlara təşəkkürümü bildirdim. Emin Mahmudov İtaliya A Seriyasında rahat oynaya bilər. Dünən maşında onunla bu barədə danışdıq. Ola bilər ki, yaşı çoxdur, amma hamıdan çox qaçır. Maksim Medvedevi də qeyd etmək istərdim. Meydanda olanda ürəyini qoyur”.

De Byazi hazırda Azərbaycanın ən yaxşı futbolçusunun adını da açıqlayıb: “2021-ci ilin ilk yarısında Mahir Emreli “Qarabağ”da oynayırdı və komandanın bombardiri idi. Amma millidə qol vura bilmədi. Bu gün çox istəkli idi. Bəlkə də buna görə alınmır. Amma mənim üçün Emin Mahmudov hazırda Azərbaycanın ən yaxşı futbolçusudur. “Neftçi” ilə uzun müddətdən sonra çempion oldu. Onunla görüşümüzdən sonra çox dəyişdi. Futbola yanaşması çox xoşuma gəlir”.