Canni De Byazi: “Heç-heçə olsaydı, daha çox sevinərdik”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, italyan mütəxəssis 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyun keçirdik. İlk hissədə bacarığımızı göstərə bilmədik. Amma balansı saxlamışdıq və mübarizə aparırdıq. İkinci yarıda yaxşı oyun gedirdi və bu səbəbdən dəyişikliklərə ehtiyac görmürdük. Güclü komandaya qarşı mübarizə apardıq. Fasilədən sonra penaltidən buraxdığımız qolla məğlub olduq. Son dəqiqələrdə qol epizodundan yararlana bilmədiyimiz üçün təəssüflənirəm”.

O, futbolçuların bu gün meydanda güclərini qoyduğunu vurğulayıb: “Onlardan razıyam. Nəticə fərqli olsaydı, daha çox sevinərdik. Avstriya yaxşı komandadır. Amma biz də inkişaf edirik. Sonuncu dəqiqələrdə qol vursaydıq, rəqib qələbəni pivə ilə bayram etməyəcəkdi”.

Canni De Byazi Avropa çempionatına qatılmaq üçün pley-off şanslarının davam etməsi barədə də danışıb: “Bizim bəxtimizdən Yunanıstan da, Lüksemburq da uduzacaq”.

Ranqnik qələbəni şərh etdi, “Qarabağ”dan danışdı

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik isə Bakıda qazandıqları qələbəni belə şərh edib:

“Matç asan keçmədi. Azərbaycan yığmasını analiz etmişdik. Rəqibin nəyə qadir olduğunu bilirdik. Onların son iki oyununa baxmışdıq. Rəqibin müdafiə və hücüm xəttinə bələd idik. Bura gələndə asan olmayacağını bilirdik. Bu üzdən də oyuna yaxşı hazırlaşmışdıq. Ancaq qələbəyə köklənmişdik. Buna da nail olduq. Birinci hissədə rəqib yaxşı müdafiə olunurdu. Müəyyən səhvlərimiz var idi. Toparlana bilmirdik. Belçikaya qarşı etdiyimiz səhvləri yenə təkrarladıq. Fasilədə dedim ki, qol vurmaq lazımdır. Futbolçularımız qol vursalar da, arxayınlaşmadılar. Amma yenə də səhvlərimiz oldu. Görünür öz oyunumuzu yaxşı analiz etməmişik”.

Rəqib baş məşqçi meydanda yaranmış mübahisələrin normal olduğunu bildirib: “Biz bunu dəfələrlə görmüşük. Oyunçular bəzən özlərindən çıxırlar. Qırmızı vərəqə epizodu da futbolda olan bir şeydir. Amma oyunçu onu qəsdən etməmişdi. Meydanda hər şey ola bilər”.

Alman mütəxəssis Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində ölkəsinin “Bayer” klubu ilə oyunlardakı şanslarını da dəyərləndirib:

“Qarabağ”la maraqlanırıq. Avstriyada da Azərbaycan klubları izlənilir, xüsusilə də “Qarabağ” yaxşı tanınır. “Bayer” indi yaxşı formadadır, Bundesliqada yaxşı nəticələri var. “Qarabağ”ın bu rəqibindən xal alıb-almayacaqlarını zaman göstərəcək”.