Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis 1:1 hesabıyla başa çatan matçdan sonra təşkil olunmuş mətbuat konfransında əvvəlcə bunları söyləyib:
“İlk hissəni standartlardan çox aşağı səviyyədə oynadıq. Birinci hissədə oyunumuz alınmırdı, topa nəzarət edə bilmirdik. Bu üzdən fasilədən sonra 3 əvəzləmə etdik. Düşünürəm ki, daha çoxuna layiq idik. 90-cı dəqiqədəki epizodda bəxtimiz gətirsəydi, qələbə qazana bilərdik. Birinci hissədən narazı, ikinci hissədəki çıxışdan razıyam. İlk yarıda rəqib hətta daha iki qol vura bilərdi. Ancaq fasilədən sonrakı çıxışımızla qələbəyə layiq idik”.
67 yaşlı məşqçi qarşılaşmadan əvvəl sistemi dəyişmək barədə düşündüyünü etiraf edib: “Çoxdan idi 4-2-3-1 sxemi ilə oynayırdıq. Matçdan əvvəl sistemi dəyişməyi düşündüm. Amma sistem dəyişsəydim və oyunumuz alınmasaydı, məni öldürərdiniz. Bizdə mövsüm bitib, rəqibdə isə çempionat davam edir. Bu gün güclü komanda ilə qarşılaşırdıq. Nəticəyə görə məyusam, amma komandamın ikinci hissədəki çıxışından razıyam”.
Mümkün istefası barədə sualı da cavablandıran Canni De Byazi sərəncamında güclü futbolçular olmadığını etiraf edib: “Uğur qazanmaq üçün yaxşı maşın olmalıdır. Biz bunun üzərində çalışırıq. Buradakı futbol cəmiyyətində nələrin baş verdiyini məndən yaxşı bilirsiniz. Qısa müddətdə belə az oyunçu ilə uğur qazanmaq asan deyil.
Açığı, daha güclü millidən təklifim var idi. Sadəcə, AFFA ilə müqaviləm davam etdiyi üçün atıb getmək istəmədim. Özüm getməyəcəyəm, buradayam, işimi görürəm. Məni ancaq qovsalar, gedəcəyəm”.
“Heç-heçədən razı qalmaq olar”
Estoniya yığmasının baş məşqçisi Tomas Heberli isə qələbəni əldən verdikləri oyunu belə şərh edib:
“İkinci hissənin sonlarına əsasən deyə bilərik ki, yaxşı qurtardıq. Ümumilikdə qarşılıqlı fürsətlər oldu. Bu mənada 1:1 hesabından razı qalmaq olar. Rəqib hesabda geridə idi, nəsə etməli idi. Fasilədən sonra sistemi dəyişdilər. Onların fasilədən sonra üstümüzə gələcəyini gözləyirdik. Birinci hissədəki çıxışımızdan razı qaldım. Hətta şanslarımızdan yararlana bilmədik”.
İsveçrəli mütəxəssis bütün əvəzləmələrdən yararlanmamasını komandasının düzgün müdafiə olunması ilə əlaqələndirib: “Müdafiə ilə hücum arasında balansı tapmaq lazım idi. Rəqib də fasilədən sonra yaxşı çıxış edirdi. Ağıllı oynamalı, düzgün dəyişiklik etməli idik. Ümumilikdə komandamız yaxşı oynadığı üçün bütün əvəzləmələrdən istifadə etmədik. Estoniyada da bərabər səviyyədə oyun olacağını düşünürəm. Ümumiyyətlə, hər matç çətin olacaq”.
