AFFA rəhbərliyi futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə bağlı qərarını açıqlayıb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis postunda qalacaq.
Belə ki, bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı dinlənilib. O, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveç milli komandalarına qarşı keçirilmiş oyunlarla bağlı ətraflı hesabat təqdim edib.
Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinin üzvləri tərəfindən uğursuz nəticələrlə əlaqədar baş məşqçiyə iradlar səsləndirilib. İK üzvləri hər iki oyunun ciddi təhlil olunmasının, yol verilmiş səhvlərin gələcək oyunlarda təkrarlanmamasının vacibliyini bildiriblər. Eyni zamanda, qeyd olunub ki, milli komandanın heyətinə cəlb olunan futbolçuların millinin oyunlarına daha da məsuliyyətlə yanaşmasına ehtiyac var. Onların qarşılaşmalara hazırlıq və oyunlar zamanı vətənpərvərlik hisslərinin yüksək olmasının vacibliyi diqqətə çatdırılıb. Klubların da bu prosesdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsinə ehtiyac olduğu bildirilib.
AFFA İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da rəhbərlik etdiyi federasiyanın fəaliyyəti barədə qısa məlumat verib. O, futzal üzrə milli komandanın heyətinin komplektləşdirilməsi və ölkə çempionatı ilə əlaqədar təkliflər səsləndirib.
İclasın sonunda AFFA Klublar Komitəsi tərəfindən İcraiyyə Komitəsinə ünvanlanmış təkliflər barədə məlumat verilib. Müvafiq təkliflərə yaxın günlərdə münasibət bildiriləcəyi qeyd olunub.
AFFA De Byazidən möcüzə gözləyir?
Xatırladaq ki, yığmamız AÇ-2024-ün seçmə mərhələsinə çox bərbad başlayıb. İlk oyunda Avstriya yığmasına səfərdə 1:4 hesabıyla uduzan millimizin İsveçlə səfər matçı daha biabırçı nəticə ilə başa çatıb – 0:5.
Futbol ictimaiyyəti bu oyunlardan dərhal sonra AFFA rəhbərliyinin bir araya gəlib italiyalı mütəxəssislə bağlı qərar verməsi gözlənilirdi. Lakin futbol başbilənlərimiz üstündən xeyli müddət keçəndən sonra – bu gün toplaşmaq qərarına gəliblər. Gec də olsa, İK üzvlərinin millini gündən-günə daha da uçuruma aparan De Byazinin istefasına qərar verəcəkləri gözlənilirdi. Amma onlar yenə italiyalı mütəxəssisi postunda saxlamaqla həm futbol ictimaiyyətinin, həm də azarkeşlərin ümidlərini puça çıxardılar. Qurum rəhbərliyinin bu mütəxəssisdən beşəlli yapışmasının səbəbi isə qaranlıq olaraq qalır. Ola bilsin ki, futbol başbilənlərimiz hansısa möcüzəyə ümid bəsləyirlər.
Xatırladaq ki, Canni De Byazi 2020-ci ilin 30 iyunundan Azərbaycan milli komandasına rəhbərlik edir. Yığmamız onun rəhbərliyi altında 32 oyun keçirib. Komanda bu oyunlarda 7 qələbə qazanıb, 7 heç-heçə edib və 18 məğlubiyyətə üzülüb. AFFA rəhbərliyi sonuncu dəfə 2022-ci ilin oktyabr ayında onunla bir illik yeni müqavilə bağlayıb. Müqaviləyə əsasən, De Byazi AÇ-2024-ün seçmə mərhələsinin sonuna – 2023-cü ilin 30 noyabrına qədər yığmamıza rəhbərlik etməlidir.


