Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq İrlandiya ilə oyundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italyan mütəxəssis bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:
“Komandada vəziyyət yaxşıdır. Bəzi oyunçular sabah olmayacaq. Zədəli futbolçularımız var. Çox istəkliyik, yaxşı hazırlaşmışıq. Komandamdan razıyam. Sabah yaxşı nəticə qazanmaq istəyirik. İrlandiyada itirdiyimiz 2 xalı bərpa etmək istəyirik.
Araz Abdullayev daha da böyüyüb. Məni yaxşı mənada təəccübləndirdi. Ona ümid bəsləmək olar. Renat Dadaşov da uzun zədədən sonra qayıdıb. Gənc və bizim üçün vacib futbolçudur”.
Canni De Byazi qarşıdakı oyunların onun millimizdəki taleyinə təsir edib-etməyəcəyi barədə də fikirlərini bölüşüb:
“30 illik təcrübəm var. Təzyiqi xoşlayıram. Federasiya 14 ay ərzindəki işimə baxacaq. 16 oyundan 13-nü evdən kənarda oynamışıq. Bu, bir az qeyri-adi vəziyyətdir. İnkişaf hiss olunur. FİFA-nın reytinqində 50-ci olsaq da, İrlandiyada yaxşı çıxış etdik.
İrlandiya yığması yaxşı komandadır. Əksəriyyəti İngiltərə Premyer Liqasında oynayır. İlk dəqiqələrdən yaxşı oynamalı, topa nəzarət etməliyik. Bunun üçün lazımi keyfiyyətlərimiz var. Digər tərəfdən, standart vəziyyətlər zamanı diqqətli olmalıyıq.
“Beşiktaş”da çıxış edən Berkay Vardarı tanıyıram, izləmişəm. “Beşiktaş”da məcburiyyətdən oynayıb. Sol ayaqlı mərkəz müdafiəçisidir. Bizdə bu cür klublarda oynayan çox futbolçu yoxdur. Vaxtı çatanda onu da çağıracağıq.
Bizim oyunçular bu ildən ölkə xaricinə getməyə başlayıblar. Bu, Azərbaycan futbolu üçün müsbət məqamdır. Amma cəmi 2-3 aydır orada oynayırlar. Bir ildən sonra ümumi vəziyyətə baxarıq. Sabah Mahir Emrelidən qol gözləyirəm. Çünki mənim rəhbərliyim altında fərqlənə bilməyib”.