Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Avstriya yığmasına qarşı oyun öncəsi fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssislə yanaşı, milli komandamızın kapitanı Emin Mahmudov da matçdan öncə təşkil edilmiş mətbuat konfransında iştirak edib.
Canni De Byazi komandasının hazırlığı və Avstriya ilə səfər oyunundakı şansları barədə bunları söyləyib:
“Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var.
Heyətdə zədəli futbolçularımız var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emreli bizimlə birgə deyil. Onların yoxluğu komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var.
Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik”.
“Neftçi”nin formasını geyinən yarımmüdafiəçi Emin Mahmudov da uğurlu seriyanı davam etdirmək arzusunda olduqlarını söyləyib:
“Komanda olaraq oyuna tam hazırıq. Rəqibin oyunlarını izləmişik, üstün və zəif cəhətlərini bilirik. Son oyunlarda nümayiş etdirdiyimiz oyunumuzu davam etdirməliyik. Komandada əhval-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinqə malik rəqibdir, sıx oynayır. Təbii ki, əsas məsələ rəqibə oynamağa imkan verməməkdir. Son oyunlarda ardıcıl qələbə seriyası yaxalamışıq. Çalışacağıq ki, uğurlu seriyanı davam etdirək”.
Xatırladaq ki, Avstriya – Azərbaycan matçı sabah Linz şəhərindəki “Rayffayzen Arena”da keçiriləcək. Bu oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.


