Canni De Byazi: “Vəziyyət çətindir, seçim imkanım azdır”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Qətər yığması ilə yoxlama oyunundan öncə fikirlərini bölüşüb. Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim işimizi tək nəticələrlə dəyərləndirmək düzgün olmaz. Əsas məqsədimiz futbol hərakatının inkişafı ilə bağlı idi. Bunun üçün şərait yaratdıq və gənc oyunçuları yığmaya dəvət etdik. Mənim və bizim ideyalarımız var. Nə istədiklərimizi bilirik. Komandada inkişaf görürəm. Rəqiblər bizdən güclü olsa da, bərabər səviyyədə oynamışıq. İnkişaf dövründə bizə təcrübə lazımdır.

Lüksemburqla hər iki oyunda qırmızı vərəqə aldıq. Bütün matçlarda son dəqiqəyə kimi mübarizə aparmışıq. Bütün görüşlərdə vuruşmaq istəyirik. Hər rəqibə çətinlik yarada bilərik. Bu dövrdə 15-ə yaxın oyunçu millidə debüt edib. Bu, çətin və riskli dövrdür. Nəzərə almaq lazımdır ki, futbolçuların çoxu gəncdir. Qarşıda nəticələr olacaq. Çoxlu çətinliklərlə qarşılaşdıq. Pandemiya və müharibəyə görə ev oyunlarımızı Bakıda keçirə bilmədik. Bəzi məqamlarda vacib oyunçuların çoxunu zədə səbəbindən itirdik.

Bu, mənim sonuncu mətbuat konfransım ola bilər. Hələlik heç nə bəlli deyil. Ona görə bu fikirlərlə mətbuat konfransına başladım. Ümumilikdə 15 ay ərzində olanlar barədə danışdım. Sabah 20-ci matçımıza çıxacağıq. Bu, elə də böyük rəqəm deyil. Bu gün onu deyə bilərəm ki, futbolçuları artıq çox yaxşı tanıyıram. Qətərə qarşı ilk dəqiqələrdən ən yaxşı heyətlə meydana çıxacağıq”.

Canni De Byazi sabahkı oyunun inkişaf baxımından komanda üçün önəmli olduğunu vurğulayıb: “Ümumilikdə vəziyyət çətindir, az sayda komanda var, çempionatda cəmi 8 klub çıxış edir, 40 oyunçu arasında seçim imkanım var. Oyunlarda 3 top buraxaraq uduzuruq, ancaq meydandakı mübarizədə o qədər fərq yoxdur. O ki qaldı Qətərlə matça, bizdən fərqli olaraq, onların seçim imkanı daha genişdir”.

Noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər matçına saat 21:00-da start veriləcək.

“Hər matçda uduzmaq bizə də xoş deyil”

Mətbuat konfransında iştirak edən millimizin yarımmüdafiəçisi Emin Mahmudov isə bunları söyləyib:

“Millinin oyunları ilə bağlı sosial şəbəkələrdə bizə yazırlar və narazılıqlarını bildirirlər. Hər matçda uduzmaq bizə də xoş deyil. Uzun müddətdir qələbə qazanmırıq. Futbolumuz inkişaf etsə, biz də inkişaf edəcəyik. Bunun isə bir səbəbi yoxdur”.