Canni De Byazi: “Yalnız bundan sonra inkişafa nail olmaq olar”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Zəfər Gününüz mübarək olsun. Bayramınızı təbrik edirəm. Uşaqlar istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq asan deyil. Düşünürəm ki, bunu Portuqaliya və Serbiya ilə matçlarda da nümayiş etdirdik. Daha da inkişaf etməliyik.

Sabah meydanda fərqli heyət olacaq. Bu, bəhanə deyil, amma deməliyəm ki, bəzi futbolçular zədə səbəbindən olmayacaqlar. Lüksemburq yaxşı komandadır. 12 ildir eyni baş məşqçinin rəhbərliyi altında oynayırlar. Gənc futbolçuları səviyyəli komandalarda çıxış edir. Bizdə isə cəmi 8 klub var, çoxu da legionerlərə üstünlük verir. Müəyyən layihə hazırlanmalıdır. Bundan sonra inkişafa nail olmaq olar”.

Canni De Byazi Mahir Emrelinin uzun müddətdir yığmada qol vura bilməməsinə də toxunub: “Mahir həm ayaqla, həm də başla fərqlənə bilir. O, sabah sakit oynamalıdır. Öz gücünü meydanda ortaya qoymalı, qol barədə düşünməməlidir. Qol özü gələcək”.

İtaliyalı mütəxəssis AFFA-nın türkiyəli baş məşqçilərlə danışıq aparmaları ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib: “O baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm. Saytları, qəzetləri oxumuram. Açığı, heç maraqlanmıram da. Mən öz işimə köklənmişəm. Seçmə mərhələdən əvvəl heç kim bizim qrupu ilk 2 sırada tamamlayacağımızı gözləmirdi. İlluziyalarla yaşamamalıyıq. Bizə vaxt lazımdır. Nəyisə 1 gündə dəyişmək olmaz.

Federasiya təxminən fikirlərimi bilir. Hansı futbolçularla mübarizə apardığımızı görür. Renat Dadaşov, Bədavi Hüseynov zədə səbəbindən bizimlə olmadı. Təqribən 40 futbolçu arasından seçim edirik. Əsasən gənclərə şans verməliyik. Həyatda heç nə bir gündə həll olunmur”.

O, yığmaya dəvət etdiyi Mert Çeliklə Cəlal Hüseynova şans verəcəyini istisna etməyib: “Mertin problemi var. Onu bərpa etməyə çalışacağıq ki, ehtiyat skamyamız geniş olsun. Cəlal gənc oyunçudur. Çıxışını bəyənirəm. 2 oyundan birində ona şans verməyi düşünürəm”.

“Sabah tilsimi qıracağam”

Mətbuat konfransında iştirak edən yığmamızın hücumçusu Mahir Emreli də fikirlərini bölüşüb. Polşanın “Legiya” klubunun formasını geyinən futbolçu bunları söyləyib:

“Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Yığmada uzun müddət qol vurmamağım məni də narahat edir. Amma bu, mənim istəyimdən asılı deyil. Bunu hamıdan çox özüm gözləyirəm. İnanıram ki, sabah tilsimi qıracağam”.

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçına saat 21:00-da start veriləcək.